BAKI, 10 sentyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Kəlbəcər rayonunun Qamışlı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı yük avtomobili dərəyə aşıb, 2 nəfər dərədə köməksiz vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər dərədən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Qeyd edək ki, hadisə rayonun Nadirxanlı kəndində qeydə alınıb. "ATEKO" markalı yük maşını yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü 2005-ci il təvəllüdlü F.Əmrahov və 2004-cü il təvəllüdlü N.Ağayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.