BAKI, 28 iyun. TELEQRAF

Masallıda qəzada xəsarət alan şəxslərdən biri xəstəxanaya daxil olduqdan bir neçə dəqiqə sonra ölüb, bir nəfərin də vəziyyəti ağırdır.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bu gün saat 08:20 radələrində yol-nəqliyyat hadisəsi ilə əlaqədar 4 nəfər (2-si qadın, 2-si kişi) müxtəlif travmalarla Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Hər birinə ilkin zəruri tibbi xidmətlər göstərilib. Bir nəfərin müalicəsi (qadın) Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir, Cərrahiyyə şöbəsində müalicə alan şəxsin (kişi cinsli) vəziyyəti stabil qiymətləndirilir. Bir nəfərin (kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Vəziyyəti ağır qiymətləndirilən 1976-cı il təvəllüdlü şəxsin (qadın) isə xəstəxanaya daxil olduqdan bir neçə dəqiqə sonra ölüm faktı qeydə alınıb", məlumatda deyilib.

***

12:58

Masallıda "KİA" ilə "Kamaz" toqquşub, bir nəfər ölüb, üç nəfər yaralanıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə səhər saatlarında qeydə alınıb.

Masallı rayonunun Ərkivan qəsəbə sakini, 1990-cı il təvəllüdlü Şədulla Taleh oğlu Vəliyevin idarə etdiyi "KİA Optima" markalı minik avtomobili ilə "Kamaz" markalı yük maşını toqquşub.

Qəza zamanı sürücü və avtomobildə olan sərnişinlər – Ərkivan sakinləri 1966-cı il təvəllüdlü Sevda Abas qızı Hüseynova, 1976-cı il təvəllüdlü Aslan Allahverdi oğlu Hüseynov və 1975-ci il təvəllüdlü Şəhla Abas qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Şəhla Vəliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Hazırda digər yaralıların müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.