BAKI, 22 mart. TELEQRAF

Martın 17-də Bakıda yetkinlik yaşına çatmayan üç rəfiqə itkin düşüb.

Teleqraf-ın xəbərinə görə, bu barədə onların valideynləri bildirib.

Valideynlərin sözlərinə görə, yetkinlik yaşına çatmayan qızların telefonlarına zəng çatır, lakin onlar zənglərə cavab vermirlər.

Jurnalist Pərvin Abışova bildirib ki, evdən qaçanlardan birinin anası onunla əlaqə saxlayıb. Adının açıqlanmasını istəməyən valideyn deyib ki, qızlar Əli adlı gənc oğlanla birlikdə Abşeron rayonunun Xırdalan şəhərində bir evdə qalırlar: "Əlinin səs yazıları var. Bu gənc oğlan qızların Dubaya və rayonlara müştəriyə göndərilməsi barədə anaya səs atıb”.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, itkin düşən qızların valideynləri polisə müraciət ediblər.

DİN Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Teleqraf-ın sorğusuna cavab olaraq bildirib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadığı evi tərk edərək naməlum istiqamətə gedən şəxslərin itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

"Bundan əvvəl də bir neçə dəfə yaşayış yerini tərk edən şəxslərin yerinin müəyyən olunaraq tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür" - deyə Elbrus İbrahimov bildirib.