BAKI, 15 mart. TELEQRAF

15.03.2025-ci il tarixində saat 11:30 radələrində 1990-cı il təvəllüdlü şəxs (qadın cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, qasıx sümüyünün sınığı, baş-beyin silkələnməsi, döş qəfəsinin küt travması diaqnozları təyin edilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.

***

12:09

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə şəhəri, Təbriz küçəsində yaşayış binasının eyvanının uçması barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanının uçması nəticəsində 1 nəfər qadının dağıntı altında qaldığı müəyyən olunub.

Nazirliyin qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində dağıntı altında qalan vətəndaş - 1990-cı il təvəllüdlü Əliyeva Turanə Saleh qızı xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

***

12:06

Bərdədə yaşayış binasının eyvanı uçub.

Bu barədə Teleqraf-a Bərdə Rayon İcra Başçısının nümayəndəsi Əli Fərzəliyev bildirib.

O, qeyd edib ki, evin tavanı ucub: "Hadisə zamanı bir uşaq xəsarət alıb, ölüm yoxdur. Xəsarət alan şəxsin kimliyini hələlik dəqiqləşdirə bilmirik".

İcra başçısının nümayəndəsi bildirib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və polislər cəlb olunub, hadisə araşdırılır: "Fövqəladə Hallar Nazirliyinin işçiləri hadisə yerində işləyirlər. Ərzizini polis nəzarətə götürüb. Dağıntılar altında qalanb şəxsin çıxarılması üçün tədbirlər götürülür. Bizim özümüzü də hadisə yerinə buraxmırlar. Buna görə də hadisənin dəqiq səbəbini bilmirik".