BAKI, 16 fevral. TELEQRAF

"Bugün gecə saat 03:00 radələrində Bakı-Qazax yolunun 237-ci km-də güclü duman səbəbindən görünüş məsafəsinin azalması nəticəsində yaxın məsafalərdə bir neçə qəza baş verib".

Teleqraf xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev deyib.

Bildirilib ki, hadisə yerinə dərhal yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub. Qəza nəticəsində 2 nəfər həyatını itirib, 1 nəfər isə ağır xəsarət alıb. İlkin ehtimala görə qəza dumanlı yolda bir neçə nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində durması nəticəsində arxadan gələn nəqliyyat vasitələrinin vaxtında reaksiya verə bilməyərək onlara çırpılması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

***

10:36

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, Qulubənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf-a bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ucar rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 14 ədəd avtomobilin iştirakı ilə zəncirvari yol-qəza hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən dörd nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.