Paris Olimpiya Oyunlarının təşkilatçıları açılış mərasimində transvestitlərin iştirak etdiyi “Sonuncu şam yeməyi” parodiyasında Leonardo da Vinçi ələ salındığı üçün üzr istəyib.

Teleqraf.com xəbər verir ki, Məsihlə onun həvarilərinin görüşünün bibliya səhnəsini canlandıran səhnədə travestilər və çılpaq müğənni çıxış edib. Bu, siyasətçilər və katolik kilsəsinin nümayəndələri tərəfindən kəskin tənqid olunub.

“Paris 2024” təmsilçisi Ann Deşam deyib ki, heç bir dini qruplaşmaya hörmətsizlik etmək niyyətləri olmayıb.

Deşamın sözlərinə görə, açılış mərasimində məqsəd sosial tolerantlığı qeyd etmək olub.

“Biz inanırıq ki, bu məqsədə nail olunub. İnsanlar nədənsə incidilibsə, çox üzr istəyirik”, - deyə o əlavə edib.

Öz növbəsində Açılış Mərasiminin bədii rəhbəri Tomas Coli şouya verilən mənfi reaksiyadan təəccübləndiyini deyib.

“Biz heç vaxt pisliyi nəzərdə tutmamışıq. Müxtəliflik haqqında danışmaq istədik. Müxtəliflik birlikdə olmaq deməkdir. Hər kəsi işə cəlb etmək istəyirdik. Fransada yaradıcılıq azadlığı var. Azad ölkədə yaşadığımız üçün xoşbəxtik”, - deyə o bildirib.

15-ci əsrin sonlarında çəkilmiş "Sonuncu şam yeməyi" freskası İntibah dövrü ustası Leonardo da Vinçiyə məxsusdur və Milanda yerləşir. Burada İsanın 12 həvarisi yer alıb.

İfrat sağçı deputat Marion Mareçal səhnəcikdən narazı qalan bütün dünya xristianlarından üzr istəyib.

Öz növbəsində, İtaliyanın baş nazirinin müavini Matteo Salvini istehzanı "təhqir və alçaq hərəkət" adlandırıb.

O, özünün X mikrobloqunda yazıb: “Dünyada milyardlarla xristian üçün təhqir olan Olimpiadanın açılışı həqiqətən pis başlanğıc idi”.

İxtiraçı və milyarder Elon Musk da qalmaqallı səhnəni tənqid edərək, bunu "xristianlar üçün son dərəcə təhqiramiz" adlandırıb.

Mübahisəli səhnədə təxminən on aktyordan ibarət qrup uzun stolun ətrafında əyləşib. Mərkəzdə əllərini ürək şəklində tutan qadın var. Onun yanında transgender rəqqaslar və digər aktyorlar olub. Səhnənin sonunda masaya yemək dolu nimçə qoyulub və oradan mavi rəngə boyanmış yarıçılpaq kişi peyda olub.