Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bir sıra diplomatların, o cümlədən sələflərinin Almatı bəyannaməsinin Azərbaycanla sərhədin delimitasiyası üçün əsas ola bilməyəcəyi ilə bağlı fikirlərini şərh edib.

Teleqraf.com xəbər verir ki, nazirin həmin siyasətçilərə cavabı sərt olub.

Mirzoyanın sözlərinə görə, bu diplomatlar müharibə zamanı öz mövqeləri və səngərlərini qoyub qaçmış fərarilərdir:

“Bu məsələ üzə çıxdıqdan sonra bu adamlara və mövqelərinə bir damcı belə ciddi yanaşa bilmirəm. Bu, ən yumşaq cavabdır. Bu insanlar Almatı bəyannaməsi və ona əsaslanan sülh prosesini hədəfə almaqla, deyə bilmərəm ki, qəsdən edirlər, ya yox, Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünü hədəfə alırlar - ən yaxşı halda qəsdən, ən pis halda başqa ölkələrin istəyi ilə...”.