Azərbaycanla İran arasında yeni sərhəd-keçid məntəqələrinin açılmasına baxmayaraq, quru sərhədlərinin hələ də bağlı qalması təhlükəsizlik amilləriylə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert ərazilərimiz işğalda olarkən Tehranın separatçılarla sıx əlaqələr qurduğunu bildirib:

“Dövlət başçısı İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində çıxış edərkən Azərbaycan sərhədlərinin daha güclü qorunmasına dair də önəmli cümlələr işlədib.

“İkinci Qarabağ müharibəsindən sonra biz həm də, o vaxt işğal altında olan Azərbaycan-İran sərhədinə qayıtmışıq” deyən prezidentin sonrakı cümləsi də maraqlıdır: “Sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən qorumalıyıq, həm də özümüzü ideoloji risklərdən qorumalıyıq. İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə”.

Şübhəsiz dövlət başçısı “ideoloji risklər” dedikdə İrandan gələn təhlükəni nəzərdə tutub.

Sərhədlərimizin işğalı illərində İranın müvafiq qurumlarının Qarabağ separatçılarıyla sıx əlaqələri vardı. İşğal altındakı sərhəddən narkotik maddələrdən tutmuş silah-sursata qədər “məhsullar” daşınırdı. Dağıdılmış şəhər və kəndlərimizin daş və taxtaları da İrana daşınaraq satılıb. İkinci Qarabağ Müharibəsindən sonra buna son qoyuldu. İndi sərhədin həmin hissəsinin gücləndirilməsi prosesi gedir. Azərbaycanla İran arasında yeni sərhəd-keçid məntəqələrinin açılmasına baxmayaraq, quru sərhədlərinin hələ də bağlı qalması təhlükəsizlik amilləriylə bağlıdır. Ancaq orası da var ki, qonşularla sərhədlərin əbədiyyətə qədər bağlı saxlanılması da mümkün deyil”.

Politoloq Almaniya Kansleri Olaf Şolzun İlham Əliyevə təbrik mesajına da diqqət çəkib:

“Olaf Şolz İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik etdi, həm də Azərbaycan dövlət başçısını fevralın 16-18-də Münxendə keçiriləcək ənənəvi Təhlükəsizlik Konfransına dəvət etdi. Bu durumda Fransa Prezidenti Emmanuel Makron çıxılmaz vəziyyətdə qalır. O, bir tərəfdən ermənipərəst mövqeyindən əl çəkmir, digər yandan Şolzdan sonra İlham Əliyevi təbrik etməkdən başqa alternativi qalmayıb. Münxen Təhlükəsizlik Konfransına xeyli prezident və baş nazir qatılacaq. Əgər həmin konfransa Makron da qatılsa, onun İlham Əliyev üz-üzə gəlmək ehtimalı var. Ona görə Makronun təbrik məktubu göndərmək üçün bir günü qalıb”.