Sərhəddəki insidentdən sonra Ermənistana məxsus PUA-nın Kəlbəcərdəki mövqelərimiz üzərində kəşfiyyat aparmaq cəhdi göstərir ki, qarşı tərəf hələ gərəkən nəticələri çıxarmayıb.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Ermənistanın Azərbaycana qarşı son təxribatlarına diqqət çəkib:
“Sərhəddəki son insidentlə bağlı müxtəlif suallarla yanaşı, belə bir sualla da üzləşdim: erməni hərbçinin snayper atəşinə görə qarşı tərəfə zərbə endirmək vacib idimi, bu danışıqlar prosesinə zərbə vurmadımı?
Sual həm də belə əsaslandılırdı ki, Ermənistan Müdafiə Nazirliyi atəşin erməni hərbçisi tərəfindən açıldığını etiraf etmiş və həmin hərbçini cəzalandıracağını açıqlamışdı. Təxribatçıların zərbə ilə cəzalandırılması qərarı bir neçə səbəbdən doğru idi.
Birincisi, düşmənə heç zaman boşluq buraxılmamalıdır. Snayper atəşi cavabsız qalsaydı, sonrakı günlərdə başqa erməni snayperləri də Azərbaycan ərazisinə atəş açmağa həvəslənəcəkdilər.
İkincisi, Azərbaycan ordusunun erməni postunu darmadağın etməsi Ermənistan Baş naziri Nikol Paşinyana mesaj idi ki, sülh sazişinin imzalanmasını yubatmaqla gərginliyin artmasına şərat yaradacaq, bu isə həm ona, həm də ölkəsinə baha başa gələcək.
Üçüncüsü, Azərbaycan ordusunun məhv etdikləri “Yerkrapa” terrorçu təşkilatının üzvləri idi. Bu, Paşinyana həm də o mesaj idi ki, “Yerkrapa”nı sərhəddən uzaqlaşdırıb tərksilah etməsə, Ermənistan üçün ağır nəticələri olacaq insidentlər yenə yaşanacaq”.
Elxan Şahinoğlu hesab edir ki, Paşinyan son insidenti əlində rəhbər tutaraq, ordu üzərində nəzarətini gücləndirə bilər:
“Təsadüfi deyil ki, məlum insidentdən sonra Ermənistan ordusunda müxtəlif təyinatlar həyata keçirilib. Amma sərhəddəki olaydan bir gün sonra Ermənistana məxsus PUA-nın Kəlbəcərdəki mövqelərimiz üzərində kəşfiyyat aparmaq cəhdi onu göstərir ki, qarşı tərəf hələ gərəkən nəticələri çıxarmayıb”.