Ermənistan müharibədə məğlub olub, qalib Azərbaycanla bərabər səviyyədə danışa bilməz.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Səlibçilər” adlı silahlı dəstənin başçısı Şahe Açemyan deyib.
Dəstə başçısı Baş nazir Nikol Paşinyanın Bakıya silahlara qarşılıqlı nəzarət haqda saziş imzalamaq təklifinə münasibət bildirib:
“Yəqin bizimki demək istəyir ki, bu nəzarət vasitəçi dövlət vasitəsilə olmalıdır. Başqa cür təsəvvür edə bilmirəm. Ermənistan və Azərbaycanla yaxşı münasibətdə olan neytral ölkə bura gəlib vasitəçi olmalıdır. Amma problem ondadır ki, məğlub olan ölkə qalib ölkə ilə bərabər səviyyədə danışa bilməz”.
Açemyan mümkün vasitəçilər kimi Fransa, ABŞ və Britaniyanın adlarını çəkib və sonuncunun vasitəçi olma ehtimalının yüksək olduğunu iddia edib:
“Fransa, ABŞ və ya Britaniya. Çünki Ermənistanın qızıl mədənlərinin sahibi Britaniyadır. Hər bir dövlətin öz marağı var, onu istədiyi kimi inkişaf etdirə bilər. İndi Rusiya Ukrayna ilə məşğuldur. Rusiya-Ukrayna müharibəsi nə qədər tez bitsə, bir o qədər yaxşıdır, əks halda Rusiya Qafqazda uduzacaq”.
“Səlibçilər”in başçısı hesab edir ki, Paşinyanın bu təklifi əslində, Azərbaycanın Ermənistanın qarşısında qoyduğu şərtlə bağlıdır:
“Bir o qalmışdı, o da oldu: Azərbaycan bizə şərt qoyub ki, silah almayın”.