Həmişə sülh müqaviləsinə getməliyik, gündəmimizi dəyişib müharibə gündəminə qayıda bilmərik.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Gevorq Papoyan deyib.

“Bu o demək deyil ki, bizə təqdim olunan bütün şərtləri qəbul etməliyik, ona görə də üç ildir danışıqlar aparırıq. Artıq 6-7 raunddur ki, Ermənistan və Azərbaycan bir-birlərinə öz təkliflərini göndərirlər”, - deputat bildirib.

Papoyan sülh danışıqlarının dalana dirənmədiyini də söyləyib: “Danışıqlar, müzakirələr, təkliflər mübadiləsi imkanları olduğu müddətdə prosesin dalana dirəndiyini düşünmürəm”.

Yeni hərbi toqquşma təhlükəsindən danışan deputat qeyd edib:

“Heç vaxt ehtiyatı əldən vermək olmaz. Fərqli cəbhələrdə iş bir-birinə zidd olmamalıdır. Diplomatlar həmişə işləməlidirlər, çünki işləməsələr, mütləq və qaçılmaz olaraq toplar atəş açacaq, amma bu o demək deyil ki, barıtı quru saxlamaq lazım deyil”.