BMT Baş Assambleyasının sentyabr ayında keçiriləcək növbəti sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Bu görüşdən ciddi bir nəticə gözlənilmir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, işğalçı ölkənin yeni hakimiyyəti münaqişənin həlli ilə bağlı danışıqlara hazır görünmür. Onun sözlərinə görə, hakimiyyətin başı hələ də daxili problemlərə qarışıb:

“Yeni hakimiyyət ölkənin gələcəyi haqqında dəqiq qərar verə bilmir. Ən azı rəsmilərin açıqlamalarından belə başa düşülür. Hazırda daxili ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Baş nazir münaqişənin həlli ilə bağlı ziddiyyətli bəyanatlar verir. Ona görə də yaxın müddətdə Ermənistan tərəfindən sülh istiqamətində real addımların atılacağı inandırıcı deyil”.