BAKI, 27 fevral. TELEQRAF

ABŞ-nin sabiq dövlət katibi Hillari Klinton bildirib ki, onun həyat yoldaşı, keçmiş prezident Bill Klinton Ceffri Epşteynlə əlaqədə olduğu dövrdə maliyyəçinin cinayət fəaliyyəti barədə məlumata malik olmayıb.

Teleqraf xəbər verir ki, Hillari Klinton bu bəyanatı Nümayəndələr Palatasının Nəzarət Komitəsində Epşteynin əlaqələrinin araşdırılması çərçivəsində çıxışı zamanı səsləndirib.

“Buna əminəm. Həyat yoldaşımın Epşteynlə əlaqələrinin xronologiyası sonuncunun cinayət fəaliyyəti barədə məlumatlar üzə çıxmazdan bir neçə il əvvəl başa çatıb. 2008-ci ildə onun təqsirini etiraf etməsinədək onunla əlaqədə olan insanların böyük əksəriyyəti nə ilə məşğul olduğunu bilmirdi. Həyat yoldaşım sabah ifadə verərkən məhz bunu deyəcək”, - deyə Hillari Klinton vurğulayıb.

Eyni zamanda, CNN telekanalı sənədli sübutların onların münasibətlərinin sıx xarakter daşıdığını göstərdiyini qeyd edir. Kanalın araşdırmasına görə, Bill Klinton Epşteynə məxsus şəxsi təyyarə ilə azı 16 dəfə uçuş edib.

Bundan əlavə, ABŞ Ədliyyə Nazirliyinin açıqladığı materiallarda sabiq prezidentin qadınlarla birlikdə cakuzidə çəkilmiş fotoları, eləcə də Epşteyn və Gisleyn Maksvell ilə birgə şəkilləri yer alır.