BAKI, 26 oktyabr. TELEQRAF

İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur.

Teleqraf xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin açıqlamasında bildirilib.

"Bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyildir. Heç kimə ölkəmizin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə icazə verilmir və bu kimi müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınır.

İran rəsmilərinə tövsiyə edərdik ki, başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə öz ölkələrinin problemləri ilə məşğul olsunlar.

İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur. Ali təhsil müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir. Halbuki İran əhalisinin təxminən 40 milyonunu köklü etnik azərbaycanlılar təşkil edir və onlar onilliklərdir öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər.

İranın elm, tədqiqat və texnologiya naziri və bu mövzuda İranda çıxış edən digər şəxslər yaxşı olardı ki, Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə məhz bu məsələlərlə məşğul olsunlar və onilliklərdir davam edən bu misli görünməmiş ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görsünlər", - açıqlamada qeyd olunub.

Qeyd edək ki, Hüseyn Simayi Sərraf Azərbaycanda vahid məktəbli geyiminin tətbiqinə qarşı çıxaraq təhsil hüququndan məhrum olduqlarını iddia edən qızlara “azad təhsil mühiti” yarada biləcəklərini elan edib. “İran universitetləri azərbaycanlı qızları qəbul etməyə hazırdır” deyən Simayi Sərraf bildirib ki, geyim forması təhsilə mane olmamalıdır.