BAKI, 10 avqust. TELEQRAF
“İnanıram ki, bu bir top fərqini aradan qaldıran tərəf biz olacağıq”.
Teleqraf xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Orhus”la keçiriləcək cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Litvalı mütəxəssis komandasının doğma meydan amilindən maksimum yararlanmağa çalışacağını bildirib:
“Danimarkada qeydə alınan nəticə sabahkı oyun üçün hər iki komandada böyük həyəcan yaradacaq. Bir top fərqi aradan qaldırılması mümkünsüz olan üstünlük deyil. Hər iki komanda görüşə böyük ciddiyyətlə yanaşacaq. Biz ev komandasıyıq, doğma stadionumuzda çıxış edəcəyik və azarkeşlərimizin dəstəyini hiss edəcəyik. İnanıram ki, bu bir top fərqini aradan qaldıran tərəf biz olacağıq. Bütün futbolçular sağlamdır və oyuna hazırdırlar. Oyunçular, məşqçilər heyəti və rəhbərlik əlindən gələni edəcək ki, mərhələni adlayan tərəf biz olaq”.
Dambrauskas ilk qarşılaşmada komandasının çıxışından razı qaldığını, lakin nəticənin daha yaxşı ola biləcəyini vurğulayıb:
“Avropada bu mərhələlərdə böyük təcrübəmiz yoxdur. Ola bilər ki, bəzi futbolçularımız belə yaxşı çıxış edə biləcəyimizə özləri də şübhə edirdilər. Amma Danimarkada, rəqibin yaratdığı möhtəşəm atmosferdə çox yaxşı futbol sərgilədik. Buna baxmayaraq, evə qayıdarkən hər kəs nəticədən narazı idi. Çünki nəticə bizim üçün daha yaxşı ola bilərdi”.
Baş məşqçi “Orhus”un yalnız bir futbolçudan ibarət olmadığını qeyd edib:
“Rəqibimizin çox yaxşı futbolçuları var və komanda şəklində keyfiyyətlidirlər. Çoxlu qol imkanları yaratmasalar belə, əldə etdikləri fürsətlərdən yaxşı istifadə edirlər. Son oyunlarda qol gözləntisi göstəriciləri yüksək olmayıb, amma yaratdıqları imkanlardan yararlanmağı bacarıblar. Bizim də çox keyfiyyətli komandamız var”.
Dambrauskas cavab görüşünün taleyini xırda detalların həll edə biləcəyini düşünür:
“Danimarkadakı oyunda müəyyən səhvlərimiz oldu və onları düzəltməliyik. Rəqib də ilk matçı təhlil edib öz səhvləri üzərində işləyəcək. Kim xırda detalları daha yaxşı təhlil edib meydanda düzgün icra edəcəksə, qalib gələn tərəf də o olacaq. Daha yaxşı köklənsək və konsentrasiyamızı yüksək səviyyədə saxlasaq, qalib gələ bilərik”.
Mütəxəssis Bakıdakı hava şəraitinin “Sabah” üçün ciddi üstünlük yaradacağını düşünmədiyini də bildirib:
“İqlim və hava şəraiti barədə çox danışılır. Məncə, bu amil bir qədər şişirdilir. Rəqib peşəkar komandadır və bunun həlledici faktor olduğunu düşünmürəm. Mənim üçün hava ilə bağlı ən ciddi amil güclü külək ola bilər. Amma stadionumuz qapalıdır və havanın bizə xüsusi üstünlük verəcəyini hesab etmirəm”.