BAKI, 25 may. TELEQRAF

“Hər bir futbolçunun əsas məqsədi arzuladığı zirvəyə yüksəlməkdir. Təki Allah mənə güc-qüvvət versin, ölkəmizin adını layiqincə ucaldaraq Avropanın “Top-5” liqalarında təmsil edim”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Neftçi”nin futbolçusu Murad Məmmədov deyib.

Növbəti ay paytaxt təmsilçisi ilə müqaviləsi başa çatacaq və azad agent kimi Kiprin “Pafos” klubuna transfer olunacaq 20 yaşlı yarımmüdafiəçi gələcək karyerası barədə danışıb. O, yeni klubuna qoşulacağı dəqiq tarixin hələlik bəlli olmadığını bildirib:

“Qış transfer pəncərəsi dövründə təkliflərim kifayət qədər çox idi. Menecerimlə məsləhətləşdikdən sonra məhz bu variant üzərində dayandıq. Çünki “Pafos” mənim oyun stilimə uyğun komandadır. İcarə ilə bağlı yayılan xəbərlər isə həqiqəti əks etdirmir, bu barədə heç bir müzakirə aparılmayıb”.

M.Məmmədov qış fasiləsindən sonra əsas heyətdə ardıcıl şans qazansa da, son turlarda ehtiyatda qalmasının Kipr klubuna transferi ilə bağlı olub-olmaması barədə suala belə cavab verib:

“Ümumiyyətlə, dünya futbolunda komandadan ayrılacağı dəqiqləşən oyunçulara rəsmi matçlarda daha az şans verilir. Çünki baş məşqçilər gələcək planlarında yer almayan futbolçulara deyil, komandada qalacaq heyətə üstünlük verirlər. Buna baxmayaraq, mənə güvəndiyi və şans verdiyi üçün baş məşqçimiz Yuri Verniduba təşəkkür edirəm. O, mənə xüsusi diqqət və qayğı göstərdi. Mən də ona və bu kluba daha böyük uğurlar arzulayıram, çünki o, ən yaxşı yerlərə layiqdir”.

Futbolçu yetirməsi olduğu “Neftçi”yə avrokuboklarda uğurlar arzulayıb:

“Əgər komandamız mövsümə daha uğurlu başlasaydı, nəinki Konfrans Liqasına, hətta Çempionlar Liqasına da vəsiqə qazana bilərdik. İnanıram ki, bu turnirdə də komanda əlindən gələni edəcək. İnşallah, “Neftçi” uğurlu çıxışla qrup mərhələsinə yüksələr”.

Qeyd edək ki, Murad Məmmədov 2024-cü ilin yayından “Neftçi”nin əsas komandasında çıxış edir. O, cari mövsümdə Premyer Liqada 27 oyuna çıxaraq 1 qolla yadda qalıb.

Kipr təmsilçisi Məmmədovla 3+1 illik müqavilə imzalayacaq.