BAKI, 25 may. TELEQRAF

ABŞ çempionatında “İnter Mayami” və “Filadelfiya Union” arasında keçirilən qarşılaşma liqa tarixinə düşüb.

Teleqraf xəbər verir ki, 6:4 hesabı ilə yekunlaşan matç MLS-də yeni bombardir rekordu ilə yadda qalıb.

Belə ki, görüşdə həm “İnter Mayami”nin futbolçusu Luis Suares, həm də “Filadelfiya Union”un hücumçusu Milan İloski het-trik edib. Bu, MLS tarixində bir oyunda iki futbolçunun het-trik etməsi ilə qeydə alınan ikinci hal olub.

Suaresin 3 qol vurduğu qarşılaşmada Lionel Messi də məhsuldar ötürmə müəllifi olub. İloski isə qollarından ikisini penaltidən keçirib.

MLS tarixində ilk belə hadisə 2014-cü ildə “Çikaqo Fayr”dan Harri Şipp və “Nyu-York Red Bulls”dan Bredli Rayt-Fillipsin iştirak etdiyi matçda yaşanmışdı.