BAKI, 6 aprel. TELEQRAF
Dünyanın ən dəyərli klublarının siyahısı müəyyənləşib.
Teleqraf "Transfermark"a istinadən xəbər verir ki, yenilənmiş göstəricilərə əsasən, 1,34 milyard avroluq heyət dəyəri ilə İspaniya təmsilçisi “Real Madrid” zirvədə qərarlaşıb.
La Liqa nəhəngini 1,31 milyard avro ilə “Mançester Siti” (İngiltərə) izləyir. “Arsenal” (İngiltərə) isə 1,23 milyard avro ilə üçüncü pillədə yer alıb.
PSJ (Fransa) 1,21 milyard avro ilə dördüncü, “Barselona” (İspaniya) isə 1,17 milyard avroluq heyət dəyəri ilə ilk beşliyi tamamlayıb.
Siyahının yuxarı pillələrində İngiltərə Premyer Liqası klublarının üstünlüyü diqqət çəkir. “Mançester Siti”, “Arsenal”, “Çelsi”, “Liverpul”, “Tottenhem”, “Mançester Yunayted”, “Nyukasl”, “Nottingem Forest” və “Aston Villa” ilk 15-likdə yer alıb.
Almaniyadan “Bavariya” və “Borussiya Dortmund”, İtaliyadan “İnter”, “Yuventus” və “Milan” da ilk 25-likdə qərarlaşıb. İspaniyadan “Atletiko Madrid”, Fransadan “Monako” və “Marsel”, Portuqaliyadan isə “Sportinq” və “Portu” siyahının yuxarı hissəsində yer alan digər klublardandır.
Türkiyə klubları arasında ən yüksək heyət dəyərinə malik komanda “Qalatasaray” olub. İstanbul təmsilçisi 345 milyon avro ilə siyahıda 42-ci pillədə qərarlaşıb və “Vilyarreal”, PSV, “Atletik Bilbao” və “Lion” kimi klubları geridə qoyub.
“Fənərbağça” 248 milyon avro ilə 53-cü, “Beşiktaş” isə 185 milyon avro ilə 70-ci sırada yer alıb.
Avropadan kənar təmsilçilər arasında Braziliyanın “Palmeiras” və “Flamenqo”, həmçinin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu da ilk 100-lükdə yer alıb.