QƏBƏLƏ, 15 mart. TELEQRAF

“Kurban Berdıyevlə bağlı yazılanlar mənə maraqlı deyil. Bilmirəm, adamın neçə pasportu var, bildiyim odur ki, o türkməndir. Şəkillərdə nə qoyduğunu da bilmirdim. Qısası, müharibənin ilk günündə necə idimsə, indi dı eləyəm. Kimlər ki, bu barədə yazırlar, desinlər görək dörd il ərzində nə ediblər? Mənim 60 yaşım var, nə qədər istəsələr provokasiyaya cəlb etsinlər. Mən futboldayam və işimə davam edirəm”.

Teleqraf xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının XXIV turunda “Qəbələ”ni 3:1 hesabı ilə məğlub etdikləri qarşılaşmanı belə şərh edib:

“Azarkeşlərimizə təşəkkür edirəm, hər oyunda bizə dəstək verirlər. “Qəbələ” çox maraqlı komandadır, onlar uduzsa da qarşılaşma mənim xoşuma gəldi. Hakimliklə bağlı çox söz-söhbət olmuşdu. Amma bugünki oyunda yaxşı səviyyədə idi. Hər oyun bu səviyyədə olsa, yaxşı olar.

Avrokuboklara getməsək, bu faciə olmaz, sadəcə xoşagəlməz hadisə olar. Bir neçə namizəd var və bu, maraqlı olacaq.

Əlimizdən gələnin maksimumunu edəcəyik. Nə qədər yuxarı yer tutsaq, o qədər də avrokuboklara vəsiqə qazana bilərik. Hələ 10 tur qalıb. Uğur bizim əl, ayaq və bədənimizdən asılıdır.

Azərbaycan çempionatı çox maraqlıdır. Üç aydır burada olsam da, hələ tam başa düşə bilmirəm. Kim kimin üzərində üstünlük qazanacaq, heç kim əvvəlcədən deyə bilmir”.