BAKI, 9 mart. TELEQRAF

“Bizdə 23 futbolçu var. Onlar bura oturmağa gəlməyiblər. Hər biri oynamalıdır. Heç vaxt demirəm ki, mən yaxşı məşqçiyəm, oyunçularım pisdir. Hər dəfə deyirəm ki, onlar daha yaxşısını edə bilərlər”.

Teleqraf xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının XXIII turunda “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olduqları oyunla bağlı fikirlərini bildirib:

“Həqiqətən də futbolçuların oruc tutmasının oyuna təsiri var. Amma bu, tək bizdə deyil, Azərbaycandakı bütün komandalara təsir edir. Mən də onların dini etiqadlarına qarşı çıxa bilmərəm. Eyni vəziyyət rəqibimizdə də var. Saat 8-də oyuna çıxmaq, 7-yə qədər yemək yemədən oynamaq asan deyil. Yəni buna bir saata uyğunlaşmaq olmur.

Özümdən əvvəlki baş məşqçi ilə bağlı nəsə deməyim düzgün deyil. O, bir komanda qurub, mən də işləməyə gəlmişəm. Mən ömrümdə məndən əvvəl işləyənləri günahlandırmamışam, heç vaxt da etmərəm. Əsas odur ki, zərbəni dəf edəsən və insan olaraq qalasan. Ona görə də işlədiyim komandalarda həmişə nəticə əldə etmişəm.

“Qarabağ”la oyunun vaxtını heç bir tərəf müəyyənləşdirmir. Qərarı AFFA verir. Bizə hansı tarix deyilsə, biz də təkliflərimizi verəcəyik. Sabah desələr sabah, birisi gün desələr birisi gün oynayacağıq. Mənim üçün də bu oyun maraqlıdır. Çünki güclü komandaya qarşı çıxış edəcəyik.

Bütün azarkeşlərə təşəkkür edirəm. Biz daha yaxşı oynamağa çalışacağıq”.