BAKI, 25 fevral. TELEQRAF
Qitənin ən nüfuzlu turniri olan UEFA Çempionlar Liqasında 1/8 finala vəsiqə qazanan ilk dörd komanda artıq məlumdur. Mundialın əsas “sürpriz”i isə heç şübhəsiz “Budo/Qlimt”dir.
Teleqraf xəbər verir ki, Norveç təmsilçisi pley-off mərhələsində İtaliya nəhəngi “İnter”i ümumilikdə 5:2 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlməklə sensasiyaya səbəb olub.
Bəs “Budo/Qlimt”in uğurunun sirri nədədir?
Arktikadan təxminən 110 kilometr içəridə yerləşən Budo şəhərinin cəmi 43 min əhalisi var. Buradan Norveçin paytaxtı Osloya getmək istəyənlərin əksəriyyəti təyyarə ilə uçur. Şimal Qütb dairəsindən 200 kilometr şimalda yerləşən bu kiçik balıqçı şəhərinə ən yaxın iri şəhərə avtomobillə təxminən 10 saatlıq yol var.“Qlimt” norveç dilində “parıltı” və ya “qığılcım” mənasını verir ki, bu da klubun adına və sürətli oyun üslubuna işarə edir. Klubun ləqəbləri arasında azarkeşlərinə görə “Sarı Ordu” və “Super Komanda” yer alır. 1916-cı ildə təsis edilən klub sarı rəngli formaları ilə tanınır.

Norveçdə futbol mövsümü il ərzində yazdan payıza qədər davam edir. Komanda hələ mövsümöncəsi hazırlıq dövründə olmasına baxmayaraq, tarix yazır. Belə ki, “Budo/Qlimt” 2026-cı ildə indiyədək cəmi 4 rəsmi oyun keçirib ki, bunların hamısı Çempionlar Liqasına təsadüf edir. Son ölkə çempionu 2026-cı ildə keçirilən oyunlarda isə əvvəlcə “Mançester Siti” (3:1), sonra İspaniyada “Atletiko Madrid” (2:1) və nəhayət, “İnter” üzərində qələbələr (Norveçdə 3:1, “Cüzeppe Meazza” stadionunda isə 2:1) kimi tarixi nəticələrə imza atıb.
Hazırda Norveçin ən böyük klublarından biri sayılsalar da, bir neçə il əvvəl bu, belə deyildi. Klub 2018-ci ildə cəmi iki xal fərqi ilə liqada qalaraq aşağı liqaya düşməkdən son anda xilas olmuşdu. Bunun ardınca 2019-cu ildə ikinci yeri tutub, 2020-ci ildə isə tarixlərində ilk çempionluqlarını qazanıblar. Beləliklə, 2004/2005 mövsümündən sonra yenidən Avropa arenalarına qayıdış baş tutub. Daha sonra bu uğur 2021, 2023 və 2024-cü illərdə də təkrarlanıb.
Baş məşqçi 58 yaşlı Kyetil Knutsendir. Norveçli mütəxəssis klubla birlikdə dörd dəfə ölkə çempionu olub və 2020-ci ildə onları ilk liqa çempionluğuna daşıyıb. O, həmçinin üç il ardıcıl “İlin baş məşqçisi” mükafatına layiq görülüb.

Klubun bu günlərə gəlib çatmasında əsas rol oynayan şəxs 2017-ci ildə komandaya qoşulan keçmiş hərbi təyyarə pilotu Byorn Mannsverkdir. Əfqanıstan və Liviyada döyüş tapşırıqlarını yerinə yetirmiş bu şəxs həyat tərzini dəyişərək aşağı diviziona düşmüş çətin vəziyyətdə olan bir kluba kömək etməyə başlayıb. Burada hərbi üslubda psixoloji hazırlıq üsullarından, o cümlədən dözümlülüyü artırmaq üçün meditasiya və fokuslanma təlimlərindən istifadə edib.
Knutsenin komandasının uğurunun əsas açarlarından biri ev oyunlarını rəqiblər üçün kabusa çevirməsidir. Belə ki, Norveçin şimalında qış ayları həddindən artıq soyuq, qarlı və küləkli keçir. Bu çətin hava şəraiti komandanın süni örtüklü meydançada oynamasına səbəb olur ki, bu da təbii ot örtüyünə öyrəşmiş rəqiblər üçün ciddi problem yaradır. Sərt iqlim şəraiti təbii ot örtüyünü mümkünsüz etdiyindən UEFA süni meydançaya icazə verir. Beləliklə, Avropa yarışlarının oyunları 8,2 min tamaşaçı tutumuna malik süni örtüklü “Aspmüra” stadionunda keçirilir.

Digər diqqətçəkən məqam isə klubun yerli istedadlara üstünlük verməsidir. İtaliyadakı oyunda start heyətində yer alan futbolçulardan yalnız ikisi norveçli deyil. Bunlar rusiyalı qapıçı Nikita Haykin və danimarkalı hücumçu Kasper Hoqdur.
“Budo/Qlimt”in transfer siyasəti də uğurun əsas açarlarındandır. Albert Qronbek 5,9 milyon avroya transfer olunub, iki il sonra isə “Renn” klubuna 17,6 milyon avroya satılıb. Faris Moumbaqna 2023-cü ilin yanvarında aşağı liqada çıxış edən bir klubdan transfer edilib və cəmi bir il sonra 9,4 milyon avroya “Marsel”ə keçib. Hazırda tanınmış futbolçulardan olan Viktor Bonifeysi Nigeriyanın “Real Sapphire” klubundan məhz “Budo/Qlimt” kəşf edib. O, sonradan 7 milyon avrodan çox məbləğə Belçikanın “Yunion Royal” klubuna transfer olunub, daha sonra isə Bundesliqa nəhəngi “Bayer Leverkuzen”ə keçib.

Bu “nağılvari” yüksəliş əslində mövsümün əvvəlində müşkülə çevrilmişdi. Çempionlar Liqasının əsas mərhələsinin ilk altı oyununda qələbə qazana bilməyən komandaya pley-offa vəsiqə qazanmaq üçün mütləq “Mançester Siti” və “Atletiko Madrid”ə qarşı müsbət nəticə lazım idi. Və onlar gözlənilməz olanı bacardılar. Əhalisi “İnter”in stadionu olan “Cüzeppe Meazza”nın tutumundan daha az olan Bude şəhərinin komandası bununla da klub tarixində ilk dəfə Çempionlar Liqasında pley-off mərhələsində qələbə qazandı.
Onlar 1971–72 mövsümündəki “Ayaks”dan sonra Avropanın “Böyük beşlik” liqalarına (İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa) aid komandalar üzərində ardıcıl 4 qələbə qazanan ilk qeyri-beşlik təmsilçisi oldu.

“İnter”in heyətinin ümumi dəyəri 667,3 milyon avro, “Budo/Qlimt”in heyətinin dəyəri isə 57,1 milyon avrodur. İki komanda arasında 610,2 milyon avroluq fərq var. Bu qarşılaşma Çempionlar Liqasının pley-off mərhələləri tarixində heyət dəyəri fərqinə baxmayaraq qeydə alınan ən böyük sensasiyalardan biri oldu.
Daha əvvəl 2023/24 mövsümündə “Latsio”nun “Bavariya”nı, “Portu”nun isə “Arsenal”ı mübarizədən kənarlaşdırması oxşar sürprizlər sırasında yer almışdı.
Qeyd edək ki, “Bodo/Qlimt” 1/8 final mərhələsində “Mançester Siti” – “Sportinq” cütünün qalibi ilə qarşılaşacaq.
