BAKI, 24 fevral. TELEQRAF

Meksikanın bir sıra şəhərlərində baş verən iğtişaşlar yayda keçiriləcək futbol üzrə dünya çempionatına təsirsiz ötüşməyə bilər.

Teleqraf xəbər verir ki, BBC-nin eksperti, Nottingem Universitetinin cinayət hüququ kafedrasının dosenti Xavyer Eskauriatsa bu hadisələrin turnirə mümkün təsirlərini şərh edib.

İğtişaşlar “Jalisco New Generation” (CJNG) narkokartelinin lideri Nemesio Oseqera Servantesin ("El Menço") fevralın 22-də hərbi əməliyyat zamanı öldürülməsindən sonra başlayıb. Eskauriatsanın fikrincə, genişmiqyaslı etirazlara baxmayaraq, cinayət qruplaşmaları mundialın dinc şəraitdə keçməsində maraqlıdırlar:

“Ümumilikdə kartellər dünya çempionatının dinc keçməsindən əldə olunacaq iqtisadi mənfəətdə maraqlıdırlar. Bəli, onlar siyasətçiləri və yerli polisi ələ alırlar, lakin eyni zamanda restoranlara, hotellərə sahiblik edirlər və iqtisadi sistemin bir hissəsidirlər. Britaniyalıların, amerikalıların və digər xarici turistlərin Meksikaya gəlib pul xərcləməsi, vaxtlarını xoş keçirməsi onlar üçün faydalıdır”.

Qeyd edək ki, Meksika dünya çempionatına ev sahibliyi edəcək üç ölkədən (ABŞ və Kanada ilə birlikdə) biridir. Mundialın iyunun 11-dən iyulun 19-dək keçirilməsi planlaşdırılır. Hazırda Meksika hökuməti sabitliyi təmin etmək üçün əlavə təhlükəsizlik tədbirləri görür.