BAKI, 21 fevral. TELEQRAF
Azərbaycan Badminton Federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub.
Teleqraf qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, federasiyanın yeni baş katibi Əjdər Cəfərov təyin edilib.
Daha öncə Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri vəzifəsini icra edən Cəfərov Əjdər Xosrov oğlu idman funksioneri kimi zəngin karyeraya malikdir.
Əjdər Cəfərov 2011–2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışmışdır. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.
O, üç Olimpiya Oyunlarında hakimlik etmişdir:
2010 – Sinqapur Yeniyetmələrin Yay Olimpiya Oyunları
2012 – London Yay Olimpiya Oyunları
2014 – Nanjing Yeniyetmələrin Yay Olimpiya Oyunları
Uğurları və təltifləri:
2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
2012-ci ildə Dünya Güləş Birliyi (UWW) tərəfindən güləş qaydalarının dünyada təbliğinə görə yüksək mükafata layiq görülmüşdür.
2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilmişdir.
2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında güləş yarışlarının beynəlxalq koordinatoru vəzifəsini icra etmişdir.
Əjdər Cəfərovun yerli və beynəlxalq idman tədbirlərinin təşkilində böyük təcrübəsi var.