BAKI, 19 fevral. TELEQRAF
Ötən gecə meydanda olan Bəhlul Mustafazadənin əsli İmişlidəndir, Entoni Qordon isə Liverpulda doğulub. Yəni, biri futbolun tabuta qoyulduğu, digəri isə beşiyi olan ölkədə göz açıb.
Bəhlulun ata yurdunu təmsil edən eyniadlı komanda Premyer Liqaya bu mövsüm gəlib, amma Qordonun şəhərinin iki nəhəng klubu var – “Liverpul” və “Everton”.
Bu şəhərlər futbolçu yetişdirir, İmişlidə isə şəkər çuğundurunun istehsalı daha çox prioritet məsələdir.
Təkcə “Liverpul”un stadionu “Enfield”in 61 min azarkeş tutumu var, amma “İmişli”nin oynamağa arenası yoxdur deyə, Qubaya üz tutub. O stadionun da durumu o qədər bərbaddır ki, çox vaxt etirazını dilə gətirməyən Qurban Qurbanovu da ötən tur özündən çıxarıb.
Biz Bəhlulun heç bir perspektiv vəd etməyən Çin klubuna transfer olunmamasına üzülürük, amma Entoni Qordon azarkeşi olduğu “Everton”da vaxtilə duruş gətirə bilmədiyinə məyus olub.
Bizim futbolçuların “Everton” səviyyəli kluba yaxın düşməsi axırıncı dəfə 16 il öncə olub. Onda da transfer iş icazəsi məsələsinə görə “yatıb”. İndi Araz Abdullayev “Karvan-Yevlax”da karyerasını bitirmək üçün gün sayır.
Entoni isə 2023-cü ildə bizim pulla 103 milyon manata “Everton”dan “Nyukasl”a transfer olunub.
Nəhəng klublar üçün bu məbləğ elə də böyük sayılmır. Azərbaycanda isə 103 milyon və ondan yuxarı məbləğlər ancaq rüşvətə görə həbs olunan məmurların evindən çıxır…
Elə İmişlinin hazırda həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyev kimi…
Onun evindən çıxan pullarla İmişlidə nəinki qəşəng stadion tikmək, hətta Qordonu da almaq olardı, onun qadasını da…
İngiltərədə Vilyam nəhəng yazıçıdır, bizdə isə böyük korrupsioner…
İndi bildiniz “Qarabağ” niyə 1:6 hesabı ilə uduzdu?