BAKI, 9 fevral. TELEQRAF

İspaniya La Liqasının XXIII turunda keçirilən "Valensiya" - "Real Madrid" (0:2) matçında Kilyan Mbappe ilə dördüncü hakim arasında qalmaqal yaşanıb.

Teleqraf xəbər verir ki, insident oyunu fasiləsi zamanı baş verib.

İlk hissənin sonunda ofsayd qərarına etiraz edən fransalı hücumçu, dördüncü hakimdən izahat tələb edib. Referi epizodu tribunaltı keçiddə müzakirə edə biləcəklərini desə də, ikinci hissə başlamazdan əvvəl Mbappenin suallarını cavabsız qoyub.

Hakimin bu davranışına qəzəblənən 27 yaşlı forvard ona belə etiraz edib: "Siz danışmağa gəlirsiniz, amma üzümə belə baxmırsınız. Dediniz ki, içəridə danışarıq. Buradayam, niyə susursunuz?". Futbolçunun daha sonra referini "kloun" adlandırdığı bildirilir.

Qeyd edək ki, Kilyan Mbappe oyunun ikinci hissəsinə əlavə olunmuş vaxtda fərqlənməyi bacarıb.