BAKI, 6 fevral. TELEQRAF
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan İngiltərənin “Nyukasl”klubu baş məşqçi Eddi Haunun gələcəyi ilə bağlı qərarını verib.
Teleqraf Britaniya mətbuatına istinadən xəbər verir ki, “sağsağanlar”ın rəhbərliyi İngiltərə Liqa Kubokundakı uğursuzluğa baxmayaraq, 48 yaşlı mütəxəssisə tam etimad göstərməkdə davam edir.
“Mançester Siti” ilə yarımfinal qarşılaşmasındakı məğlubiyyət və Premyer Liqadakı qeyri-sabit nəticələr Haunun istefası ilə nəticələnməyəcək.
Klub rəhbərliyi 2021-ci ildən komandanı çalışdıran Eddi Haunun uzunmüddətli layihəsinə sadiq qaldıqlarını bildiriblər. Azarkeşlərin də böyük rəğbət bəslədiyi mütəxəssis mövsümün sonuna qədər komandasının “sükanı arxası”nda olacaq.
Qeyd edək ki, “Nyukasl” və “Qarabağ” arasında ilk oyun fevralın 18-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-də İngiltərədə keçiriləcək.