BAKI, 2 fevral. TELEQRAF
“Artıq həm fiziki, həm də psixoloji cəhətdən daha güclü qayıtmaq lazımdır. Düşünürəm ki, bunun öhdəsindən gələcəyəm”.
Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın braziliyalı futbolçusu Kadi Borges jurnalistlərə açıqlamasında deyib.
30 yaşlı yarımmüdafiəçi 3 aydan sonra Azərbaycan Premyer Liqasının XVIII turunda “Turan Tovuz”la (1:0) oyunda meydana çıxıb. O, uzun müddət yaşıl meydanlardan uzaq qalması barədə bunları deyib: “Zədələndiyim dövr çox çətin period oldu. Amma nə etmək olar, bu, bir idmançının həyatıdır. Bunlardan keçmək lazımdır”.
Kadi UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” klubuna qarşı matçdan da söz açıb: “Məncə, biz bunu düşünməməliyik ki, "Nyukasl"ı keçəcəyik, yoxsa keçməyəcəyik. Sadəcə çıxıb mübarizə aparmaq lazımdır. Ən yaxşı bacarığımızı ortaya qoymalıyıq. Alınacaq, yoxsa yox, hər şey Allahın əlindədir. Çünki bu məsələlər bizim nəzarətimiz altında deyil”.
Qeyd edək ki, “Qarabağ” fevralın 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda “Nyukasl”ı qəbul edəcək. Tərəflər arasında cavab qarşılaşması bir həftə sonra İngiltərədə “Sent Ceyms Park” arenasında keçiriləcək.