BAKI, 28 yanvar. TELEQRAF
PSJ-nin və Fransa millisinin futbolçusu Usman Dembele karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Teleqraf “Sky Sports”a istinadən xəbər verir ki, Səudiyyə Pro Liqasının rəhbərliyi bu ilin yayında 28 yaşlı hücumçunu transfer etmək üçün ilkin məsləhətləşmələrə başlayıb.
Transfer gündəminin əsas səbəbi ulduz futbolçu ilə klub arasındakı yaranan maliyyə fikir ayrılığıdır. Belə ki, 2025-ci ildə “Qızıl top” mükafatını qazanan Dembele klubdan illik maaşının ikiqat artırılmasını - 60 milyon avroya çatdırılmasını tələb edib. Paris təmsilçisi isə hələlik 30 milyon avrodan bir qədər artıq məbləğ təklif edir. Oyunçunun hazırkı sözləşməsi isə 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Usman Dembele cari mövsümdə 18 matçda iştirak edib, 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.