BAKI, 26 dekabr. TELEQRAF

Xəbər verdiyimiz kimi, Türkiyədə “Futbolda mərc” istintaqı çərçivəsində 29 nəfər saxlanılıb.

Teleqraf xəbər verir ki, onların kimliklərinə aydınlıq gətirilib.

Saxlanılanlar arasında “Qalatasaray” klubunun keçmiş direktoru, iş adamı Erden Timurla yanaşı, “Eyüpspor”un vitse-prezidenti Fatih Kulaksız da var. Həmçinin futbolçular Bahattin Berke Demircan, Doğukan Çınar, Ergün Nazlı, Eyüp Can Temiz, Furkan Demir, Gökhan Payal, Hamit Bayraktar, Hüseyn Aybars Tüfekci, İbrahim Yılmaz, İlke Tankul, İsmail Karakaş, Mert Aktaş, Tufan Kelleci, TFF-nin Xarici Əlaqələr və Milli Komandalar üzrə inzibati direktoru Buğra Cem İmamoğulları, eləcə də Figen Özkaya, Emrah Günaydı, Burak Söyleyen, Ecem Alkaş, Esat Bilayak, Mirza Şerifoğlu, Hakan Çakır, Serhat Ölmez, Umut Esel və Burcu Kurt yer alır. Enes Bartanın isə hazırda həbsxanada olduğu bildirilib.

Bundan başqa, “Ankaraspor”un sahibi Ahmet Okatan, klubun prezidenti Mehmet Emin Katipoğlu, “Nazilli Belediyespor”un prezidenti Şahin Kaya və iki məşqçi barəsində də saxlanılma qərarı verilib.

Açıqlamada bildirilir ki, əldə olunan sübutlar əsasında əvvəlki iki əməliyyatda barəsində tədbir görülmüş və hazırda həbsdə olan 1 şübhəli ilə əlaqəli 7 nəfər, həmçinin 26 oktyabr 2024-cü ildə keçirilən “Kasımpaşa” – “Samsunspor” oyununun nəticəsinə təsir edəcək formada mərc oynayan 6 şübhəli müəyyənləşdirilib.

“Qalatasaray”dan Metehan Baltacı, “Fənərbağça”dan Mert Hakan Yandaş, elit hakim Zorbay Küçük, futbol şərhçisi Ahmet Çakar və “Adana Demirspor”un sabiq prezidenti Murat Sancak daxil olmaqla 37 nəfər həbs edilib. Baltacı, Yandaş və Sancak hələ də həbsdədir, səhhətində problemlər olan Ahmet Çakar isə məhkəmənin nəzarəti altında azadlığa buraxılıb.

İstanbul Respublika Prokurorluğunun yaydığı açıqlamada qeyd olunur ki, ictimaiyyətdə “Futbolda mərc istintaqı” kimi tanınan iş çərçivəsində MASAK-dan və qanuni mərc saytlarından əldə olunan məlumatlar, açıq mənbə araşdırmaları, PFDK qərarları, HTS analizləri və əvvəlki iki əməliyyatda ələ keçirilmiş rəqəmsal materialların araşdırılması nəticəsində sübutlar müəyyən edilib.