BAKl, 13 noyabr. TELEQRAF
“İslandiya komandası Skandinavya futbolundan tamamilə uzaqlaşıb və normal futbol oynamağa başlayıb. Fərdi ustalıq keyfiyyətlərini artırıblar. Bu baxımdan ikinci yer uğrunda mübarizəni davam etdirmək üçün çalışacaqlar. Bizimkilər də əllərindən gələni edəcək ki, mübarizə aparıb bir xal əldə etsinlər. Hər halda, bir xal da bir xaldır”.
Bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan millisinin veteran futbolçusu Tərlan Əhmədov DÇ-2026-nın seçmə mərhələsində bu gün baş tutacaq Azərbaycan – İslandiya oyunu barədə danışarkən deyib.
54 yaşlı mütəxəssis görüşdə rəqibin daha üstün olacağını bildirib: “Hamımız istərdik ki, yığma uğurlu nəticə əldə etsin, heç olmasa, minimum bir xal qazansın. Son illər komanda yaxşı nəticə verəndə, xırda uğurlu oyun oynayanda deyirlər ki, biz yaxşı mübarizə apardıq, artıq futbol oynamağın vaxtıdır. Amma futbol oynayıb nəticə qazanmaq lazımdır. Biz elə mübarizə, vuruşmaq və rəqibə imkan verməmək barədə düşünürük. Artıq dövr elə gəlib çatıb ki, futbol oynamalıyıq. Məsələ odur ki, yığmaya dəvət olunan futbolçuların təxminən 70-80 faizi komandalarının əsas heyət üzvü deyil. İslandiya ilk oyunda 5:0 qalib gəlmişdi. Bugünkü xal itkisi ilə onlar qrup ikinciliyini əldən verə bilərlər. Ukrayna ilə cavab oyunları da olacaq. Bu baxımdan, islandlar bu gün qələbə üçün əllərindən gələni edəcəklər. Bizə də xal lazımdır. Hətta qalib gəlsək, üçüncü yerə yüksəlmək şansımız ola bilər. Bu baxımdan çalışmalıyıq ki, komandamız minimum xal toplasın. Amma real baxımdan çətin görünür, çünki yığmaya çağırılan futbolçuların çoxu az oynayır, Mahir və Elvinin vəziyyəti, Emin Mahmudovun isə son oyundan sonra zədəsi problem yarada bilər. Düşünürəm ki, hər halda qarşıda mübarizəli oyun olacaq. Yığmamızın necə hazır olacağı, hansı taktiki gedişi seçəcəyi hələ bilinmir. Yenə də müdafiədə oturub əks-hücumlarla oynayacağıq, çünki başqa yolumuz yoxdur. Sadəcə həmişə olduğu kimi döyüşkənlik olacaq. Müdafiədə oturub bir xal qazanmağa ümid edə bilərik. Rəqib isə qələbə qazanmağa çalışacaq".
Əhmədovun sözlərinə görə, yeni baş məşqçi Ayxan Abbasov komandaya fərdi və kollektiv oyunla xal qazandırmağa çalışacaq: "Artıq bəllidir ki, Fransa ilə gücümüz çata bilməz. Amma İslandiya ilə oyundan sonra futbolçularımızın hansı səviyyədə olacağı və necə oynayacağı maraq doğurur. Deyək ki, Fransa bu gün Ukraynaya qalib gəlsə, Azərbaycana hansı psixologiya ilə gələcək, bunu bilmirik. Əsas heyətdə tanınmış futbolçular olmasa da, Fransa yenə qələbə qazanacaq. Ehtiyat oyunçular isə daha istəkli olur ki, əsas heyətə düşsünlər. İlk növbədə diqqətimizi İslandiya ilə oyuna yönəltməliyik. Əvvəllər uzun ötürmələr və standart vəziyyətlərdə təhlükəli idilər. İndi də standart vəziyyətlərdə güclüdürlər və daha çox topa sahib olmağı bacarırlar. Bunu Fransa üzərində 2:1 qələbə qazandıqları oyunda da göstərdilər. Hər halda qarşıda baxımlı, aqressiv və maraqlı futbol gözləyirik”.
Qeyd edək ki, Azərbaycan - İslandiya matçı bu gün, 8-ci km qəsəbə stadionunda saat 21:00-da start götürəcək.