BAKI, 13 oktyabr. TELEQRAF
Azərbaycan millisini bu gün DÇ-2026-nın seçmə mərhələsində Polşada Ukrayna ilə çətin sınaq gözləyir. 2014-2018-ci illərdə “Qəbələ”ni, son olaraq da “Neftçi”ni çalışdırmış ukraynalı mütəxəssis Roman Qriqorçuk matçla bağlı fikirlərini Teleqraf-a bölüşüb:
- Hər iki komandanın şanslarını necə dəyərləndirirsiniz?
- Bu oyunun nəticəsi hər iki komanda üçün çox önəmlidir. Buna görə matça böyük maraq var və şanslar barədə danışmaq çətindir. Əlbəttə, potensial baxımından Ukrayna yığması favorit sayılır.
- Azərbaycan və Ukrayna yığmalarının üstün və zəif cəhətləri hansılardır?
- Ukrayna yığması çox yüksəksəviyyəli futbolçulardan qurulub. Onların bir çoxu aparıcı klublarda çıxış edir. Azərbaycan millisi isə çox təşkilatlanmış, intizamlı və böyük istəklə oynayan komandadır.
- Ukrayna ötən oyunda İslandiyanı məğlub edib, Azərbaycan isə Fransaya 0:3 hesabı ilə uduzub. Həmin nəticələr bu görüşə necə təsir göstərə bilər?
- Ukrayna yığması çox vacib qələbə qazandı. İnanılmaz dərəcədə yüksək reallaşdırma onlara kifayət qədər güclü komandaya 5 qol vurmağa imkan verdi. Azərbaycan yığması çox müdafiəyönümlü tərzdə oynadı, amma buna baxmayaraq, 3 qol buraxdı.
- Azərbaycan millisinin yeni baş məşqçisi Ayxan Abbasov təyin olunub. Ümumiyyətlə, Azərbaycanda işlədiyiniz dönəmdə onu tanıyırdınız?
- Bəli, onu tanıyıram və böyük hörmətlə yanaşıram. O, yüksək ixtisaslı mütəxəssisdir.
- Azərbaycan və Ukrayna yığmalarının heyətində hansı futbolçuları xüsusilə qeyd edərdiniz?
- Hər iki komandanın heyətində oyunun gedişinə və nəticəsinə təsir göstərə biləcək çox sayda səviyyəli futbolçu var.
- “Neftçi”də sizin rəhbərliyiniz altında çıxış etmiş Emin Mahmudov Qurban Qurbanovun qol rekordunu məhz Ukrayna yığması ilə görüşdə yenilədi. Bu barədə fikirləriniz necədir? Sizcə, hazırkı çıxışına əsasən, onu Azərbaycanın ən yaxşı futbolçusu adlandırmaq olar?
- Bu, Emin üçün böyük nailiyyətdir. Onu təbrik edirəm. O, sizin yığma üçün çox vacib fiqurdur.
- Fransa millisinin baş məşqçisi ötən oyundan əvvəl “Azərbaycan millisinin heyətində ‘Qarabağ’ın 6 futbolçusu var” demişdi. Sizcə, “Qarabağ”ın Çempionlar Liqasındakı uğurlu çıxışı milli komandanın nəticələrinə nə dərəcədə təsir göstərə bilər?
- Bəli, “Qarabağ”ın futbolçuları doğrudan da güclüdür. Çox məsələdə nəticə məhz onlardan asılı olacaq. Bu oyunçular yüksək ustalığa malikdirlər və ən vacibi, qalib psixologiyasına sahibdirlər. Bu psixologiya olmadan ən yüksək nəticələrə nail olmaq mümkün deyil.