BAKI, 17 iyul. TELEQRAF

İngiltərə Futbol Assosiasiyasının (FA) müstəqil komissiyası futbolçu Rayan Boumeni matçlara mərc etməkdə təqsirli bilib.

Teleqraf xəbər verir ki, "Çeltnem Taun"un hücumçusu 42 ay müddətinə futboldan uzaqlaşdırılıb.

Son 10 ildə Boumenin 6397 dəfə mərc etdiyi bildirilir.

Rayan Boumen "Karlayl Yunayted"in yetirməsidir. O, burada əsas komandanın heyətində möhkəmlənə bilmədiyi üçün İngiltərənin beşinci divizionundan “Darlinqton”a keçib. 34 yaşlı oyunçu daha sonra II Liqada "York Siti"də bir mövsüm keçirib və hətta orada 8 qol vurmağa nail olub. Lakin sonra o, Milli Liqa təmsilçisi "Torki Yunayted"ə transfer olunub. Boumen məhz bu klubda çıxış etdiyi dönəmdə ilk iki mərcini edib.

Boumen 2015-ci ildə "Geytşed"də olarkən 16 qol və 7 məhsuldar ötürmə ilə karyerasının ən yaxşı mövsümünü keçirib. O, bu klubda çıxış edən zaman artıq 191 mərc edib. Üç il "Moteruell"də Şotlandiyanın yüksək liqasında oynadıqdan sonra hücumçunu II Liqadan "Ekseter Siti" transfer edib. Burada futbolçu 112 matçda 34 qolla yadda qalıb. Lakin onun mərc statistikası daha cəlbedici görünür - 2816 mərc, onlardan 108-i öz komandasının oyununa edilib.

Boumen "Ekseter"dən sonra I Liqa təmsilçisi "Şrusberi Taun"a keçib. Azarkeşlər tərəfindən sevilməyə başlayan ingiltərəli futbolçu oyunlar zamanı birbaşa ehtiyat oyunçular skamyasından mərclər etməyə başlayıb.

Bu hobbi tez-tez Boumenə qol vurmaq üçün motivasiya da verib. 2021-ci ilin noyabrında "Şrusberi Taun"un FA Kubokunda "Stratford"la qarşılaşdığı oyunda öz qoluna 20 funt sterlinq mərc edib. Yekunda o, dubla imza atmağı bacarıb. Bundan bir ay əvvəl Boumen ürək problemlərinə görə meydandan birbaşa xəstəxanaya aparılıb.

Ümumilikdə, "Şrusberi Taun"dakı ilk mövsümündə Boumen 1948 mərc edib - hər 10 oyundan 1-i öz komandasına...

2023-cü ildə Boumen nadir hallarda qol vurub, lakin "Notts Kaunti" ilə İngiltərə Kubokunun oyununda karyerasının ilk və sonuncu het-trikini edib. Bütün qollar o qədər müəmmalı idi ki, azarkeşlər müdafiəçiləri matçı satmaqda ittiham ediblər.

2022/2023 mövsümünün sonunda hücumçu "Barnsli" ilə matçda komandasının məğlubiyyətinə mərc edib. “Şrusberi Taun” 1:2 hesabı ilə uduzub və hücumçu əlavə edilmiş vaxtda meydandan qovulub. Diskvalifikasiya zamanı Rayan Boumen ardıcıl üç dəfə komandasının məğlubiyyətinə mərc edib. Komanda yalnız bir dəfə forvardı məyus edib - "Portsmut"la heç-heçə.

Boumenın mərcləri 2024-cü ilə qədər diqqətdən kənarda qalıb. Daha sonra hücumçu ilə İngiltərə Futbol Assosiasiyası maraqlanmağa başlayıb. Həmin vaxt o, "Çeltnem Taun"da yarım mövsüm oynamışdı.

2025-ci ilin martında futbolçu 6397 mərc etməkdə ittiham olunub. Boumen bütün ittihamları etiraf edib. O, 3,5 il müddətinə qadağa ilə cəzalanıb. Diskvalifikasiya bitəndə onun artıq 37 yaşı tamam olacaq.

İngiltərə futbolunda heç vaxt belə miqyasda pozuntular olmayıb. Məsələn, İngiltərə yığmasının hücumçusu İvan Toni cəmi 232 sübut olunmuş mərc üçün səkkiz aylıq diskvalifikasiya alıb.

Karyerası ərzində Boumen 203 min funt-sterlinq (462 min manatdan çox) və 21 min funt-sterlinq itirib.