BAKI, 25 may. TELEQRAF

"Hər iki komanda bu oyuna qədər qarşısına qoyduğu məqsədə çatmışdı".

Teleqraf xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXXVI turunda səfərdə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis hər iki komandaya avrokuboklarda uğurlar arzulayıb: "Aramızda yaxşı və prinsipial mübarizə getdi. "Araz-Naxçıvan" mövsümü ikinci, biz isə üçüncü bitirə bilərdik. Hər iki komandanın mövsümü eyni keçirdiyini düşünürəm. Sadəcə, bəzi oyunlarda bizim nəticələrimiz daha uğurlu alındı".

O, görüşün nəticəsinin heç nəyi dəyişməməsinə baxmayaraq, futbolçularının istəkli olduğunu söyləyib: "Çalışırdıq ki, istirahət erkən başlamasın deyə, əsas heyətin üzvlərini oynadaq. Çünki onların formada qalmalarını istəyirik. Nəticəmizin təmin olunmasına baxmayaraq, ardıcıl üç oyunda nizam-intizamı itirmədik".

Sadıqov klubun fəxri prezidenti Orxan Məmmədovun futbolu sevən insan olduğununu vurğulayıb: "Minifutbol millimizin oyunu bitdikdən sonra bura gəldi. Oyun bitəndən sonra futbolçulara mövsüm ərzində göstərdikləri performansa görə təşəkkür etdi. Buradan da Rumıniya - Fransa matçına getdi. Çünki bu komandalardan biri 1/8 finalda millimizin rəqibi olacaq. Klub prezidentinin futbolu bu qədər sevməsi bizi sevindirir. Bu enerji komandaya da keçir".

Baş məşqçi mövsümün son oyunlarına avrokuboklara hazırlıq məqsədi ilə yanaşdıqlarını bildirib: "Futbolçularla danışmışdıq ki, son üç oyuna, əsas da "Sabah" və "Araz-Naxçıvan"la matçlara avrokuboklara hazırlıq kimi baxaq. İstər stadion, istərsə də rəqiblər yaxşı idi. Oyunlarda futbolçuların istəkli olmalarının da səbəbi bu idi. Mövsüm ərzində istifadə etmədiyimiz iki detaldan bu oyunlarda yararlandıq. Düşünürəm ki, avrokuboklarda bunlara ehtiyacımız olacaq".