SUMQAYIT, 17 may. TELEQRAF
"Layiqli qələbə qazandıq. Reallaşdıra bilmədiyimiz bəzi epizodlarlarımız da oldu".
Teleqraf xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının XXXV turunda səfərdə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
73 yaşlı mütəxəssis "kimyaçılar"a 1:2 hesabı ilə məğlub olduqları ötən oyunla bugünkü matçı müqayisə edib: "Fərq var, amma detallardadır. Bu barədə danışmaq istəmirəm, çünki bununla bağlı uzun danışmaq lazımdır".
O, komandasının əsas futbolçularının zədəli olmalarına görə çətinlik çəkdiklərini söyləyib: "Denis Marandiçi, Roderik Miller, Şəhriyar Əliyev və Joarlem Santosun zədələnməsi bizə çətinlik yaratdı. Bir müdafiəçi sıradan çıxanda onu əvəzləmək olur, amma üçü birdən zədələnirsə, bu, çətindir. Yeni transferlərin də uyğunlaşmaları bir az zaman aldı. Yeni ilə qədər ciddi səhvlərimiz olmamışdı. Amma zədələrdən sonra səhvlər yaranmağa başladı".
Baş məşqçi "Turan Tovuz"un mövsümü 4-cü yerdə bitirməsini də şərh edib: "Mövsümün əvvəlində mənə çempionatı 4-cü pillədə bitirəcəyimiz deyilsəydi, bununla razılaşardım. Amma çempionatın gedişinə əsasən nəticəmiz daha da yaxşı ola bilərdi. Buna görə də tutduğumuz yer məni qane etmir. Zədələr bizə çox təsir etdi".
Berdıyev əvvəllər baş məşqçisi olduğu Vladimir Qranatın onun "Spartak Moskva"ya keçməli olmalı ilə bağlı açıqlamasına reaksiya verib: "Keçmiş futbolçularım mənimlə bağlı müsbət fikirlər səsləndirirlər, onlara təşəkkür edirəm. Amma hər hansı klubla konkret danışıqlarım yoxdur".