BAKI, 2 may. TELEQRAF

“Əks-hücumlar barədə oyunçularımı xəbərdar etmişdim”.

Teleqraf xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının XXXIII turunda səfərdə “Zirə”yə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

Türkmən mütəxəssis “Zirə”nin sürətli hücumçularının olduğunu söyləyib:

“Zirə”nin güclü tərəfi var idisə, o da işə yaradı. Əks-hücumda yaxşı, sürətli hücumçuları var. Baxmayaraq ki, oyunçularımızı xəbərdar etmişdik. Amma işə yaramadı".

O, komandasının avrokuboklara mümkün vəsiqə qazanması barədə söz açıb: "Gəlin, əvvəlcə harasa getmə barədə düşünək. Təbii ki, belə oyunla harasa getmək çətindir. Komandamın oyunundan razı qalıb-qalmamağıma gəlincə, müəyyən məqamlarda razı qaldım. Amma ümumilikdə yox. Həvəsli idik. Bu, bizi razı saldı. Əks-hücumlar barədə oyunçularımı xəbərdar etmişdim”.

Baş məşqçi həm “Zirə”nin, həm də iki tur öncə “Araz-Naxçıvan”ın qırmızı vərəqə almasının oyuna təsir etmədiyini bildirib: “Təbii ki, bu hokkey deyil ki, 100 faiz yoxluq özünü göstərsin. Doğrudur, hardasa üstünlük verir. Amma bəzən tam üstünlük olmur. "Zirə" də ağıllı müdafiə olunurdu. Praktiki olaraq, bizim şansımız yox idi”.

Berdıyev “Traktor" klubunun tarixində ilk dəfə İran çempionu olmasını şərh edib: “Rəqibin nəticəsindən çox şey asılı olduğunu bilirdim. İndi eşidirəm. "Traktor"u təbrik edirəm. Klubun sahibi Mohammed Reza Zonuzini təbrik edirəm, uzun müddət idi ki, bu yöndə irəliləyirdi. Allaha şükürlər olsun ki, bu, baş verdi. Mütləq onu təbrik edəcəyəm".

O, avrokuboklara yollanmaqdan ötrü "Qarabağ"a kubokun finalında azarkeşlik edəcəyini açıqlayıb: “Sözsüz ki, belə olacaq. Amma "Araz-Naxçıvan"ın büdrəməsini də gözləyəcəyik. Üç oyunumuz qalıb ki, onları qazanmalıyıq”.