BAKI, 17 aprel. TELEQRAF

Braziliyanın "Santos" klubunun futbolçusu Neymar sıradan çıxıb.

Teleqraf ESPN-ə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu A Seriyasının IV turunda evdə "Atletiko Mineyro"nu 2:0 hesabı ilə məğlub etdikləri oyunda zədələnib.

O, 34-cü dəqiqədə matça davam edə bilmədiyi üçün əvəzlənib. Neymar meydanı tərk edərkən göz yaşlarına hakim ola bilməyib.

Mənbənin məlumatına görə, braziliyalı oyunçu mart ayından bəri onu narahat edən sol bud nahiyəsindən xəsarət alıb. Məhz bu zədə səbəbindən Neymar DÇ-2026-nın seçmə mərhələsində Kolumbiya və Argentinaya qarşı keçirilən oyunlarda Braziliya millisinə kömək edə bilməyib.

Qeyd edək ki, Neymar qış transfer pəncərəsində Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan ayrılaraq "Santos"a keçib. O, meydana çıxdığı 9 oyunda 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub.