
BAKI, 8 aprel. TELEQRAF
Futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Fransa, Ukrayna və İslandiya komandaları ilə D qrupunda mübarizə aparacaq.
Teleqraf qrupun təxminlərini öyrənmək üçün "Chat GPT" və "Grok-3" süni intellektlərinə sorğu göndərib.
"Grok-3" Azərbaycan millisinin sürpriz edə biləcəyini vurğulasa da, "Chat GPT" yığma komandanın aşkar autsayder olduğunu deyib.
"Chat GPT"yə görə, Azərbaycan qrupda maksimum 3 xal qazana bilər. Fernandu Santuşun rəhbərlik etdiyi kollektivin 1 qələbə və ya 1 heç-heçə edəcəyi gözlənilir.
Hər iki süni intellekt Fransa seçməsini qrupun əsas favoriti hesab edir. "Xoruzlar"ın qrupda bütün görüşlərdə qələbə qazanacağı, Ukraynanın 10 - 12 xal, İslandiyanın isə 4 - 6 xal arası yığacağı ehtimal olunur.
Azərbaycanın İslandiya ilə səfər matçı D qrupunun əsas matçları arasında yer alıb.
"Grok-3" də Didye Deşamın komandasının favorit olduğunu bildirir. Onun fikrincə, Ukrayna və İslandiya milliləri 2 və 3-cü pillələr uğrunda mübarizə aparacaq.
"Grok-3"ə görə, Azərbaycan yığması qrupun nominal autsayderi sayılsa da, bu, onların rəqiblərə çətin anlar yaşada bilməyəcəyi anlamına gəlmir. Bildirilir ki, baş məşqçi və futbolçuların motivasiyası sayəsində komanda güclülərlə başabaş oynayıb, sürpriz nəticələrə imza ata bilər.
Qrupda ikinci pillə üçün Ukrayna və İslandiya arasında ciddi rəqabət olacaq. Azərbaycan isə uğurlu nəticələrə imza atmaq üçün bu fürsətdən maksimum yararlanmağa çalışacaq.