
BAKI, 26 mart. TELEQRAF
“Əslində dünya çempionatı öncəsi Avropa çempionatı yaxşı bir sınaq olacaq”.
Bunu Teleqraf-a müsahibəsində Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu Azərbaycan millisinin Avropa çempionatındakı hədəfləri barədə danışarkən deyib.
Qurum rəsmisi olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyevin uzun fasilədən sonra ilk beynəlxalq turnirə hazırlıqlarından söz açıb: “Hədəf hər zaman dəyişməzdir. Heydərov və Kotsoyevin son çıxışları 2024-cü ilin 29-30 iyulunda olub. Doqquz aydan sonra yarışa çıxacaqlar. Bu, kifayət qədər böyük müddətdir. Məşq və yarış mühiti başqadır. Lakin hər ikisi təcrübəlidir, birinci yarışlarına çıxmırlar, onların ilk Avropa çempionatı deyil. Doqquz aydan sonra yarışa çıxmaq yenidən Avropa çempionu olmaları üçün ciddi maneə deyil”.
Rəsullu hər iki cüdoçunun ilk yoxlama yarışının aprelin əvvəllərində Türkiyənin Antalya şəhərində keçirilməli olan Böyük Dəbilqə olacağını, lakin sonradan planın dəyişdiyini qeyd edib: “Planı elə qurmuşduq ki, Yaponiyadakı üç həftəlik təlim-məşq toplanışından sonra komandamız Bakıya qayıtmalı, Antalyada Böyük Dəbilqədə çıxış etməli və daha sonra Avropa çempionatına yollanmalı idi. Təəssüf ki, bu yarış ləğv olundu və biz də planı dəyişmək istəmədik. Çünki plan çoxdan qurulmuşdu. Yaponiyadan daha tez qayıdıb Tbilisiyə Böyük Dəbilqəyə yollanmaqdansa, ilk sınağımız Avropa çempionatı kimi məsuliyyətli yarışın öhdəsinə düşdü”.
ACF rəsmisi Avropa çempionatı üçün heyətin yaxın vaxtlarda açıqlanacağını əlavə edib: "Artıq məşqçilər heyətinin Avropa çempionatı üçün təqdim etdiyi ilkin heyət var, təsdiqlənib. Yəqin ki, martın sonlarında və ya aprelin əvvəllərində açıqlayacağıq".
Rəsullunun sözlərinə görə, hədəf əvvəlki Avropa çempionatından daha yaxşı çıxış etmək, daha yaxşı nəticə verməkdir: "Son iki Avropa çempionatında iki qızıl medal qazanmışıq. 2023-cü ildə Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq), 2024-cü ildə isə Hidayət Heydərov və Elcan Hacıyev (90 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Monteneqroda ən azı bu nəticələri təkrarlamağa çalışacağıq".
Qeyd edək ki, Avropa çempionatı 23 - 26 apreldə Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək.