
BAKI, 11 mart. TEIEQRAF
“Deyərdim ki, "Turan Tovuz" 2 xal itirmədi, 1 xal qazandı. Çünki 10 oyunçu ilə "Neftçi" kimi komandaya qarşı mübarizə apardıq. Topla rəqib oynadı, biz isə öz vaxtımızı gözlədik”.
Bu sözləri “Turan Tovuz”un futbolçusu Faiq Hacıyev Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə “Neftçi” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra Teleqraf-a açıqlamasında deyib.
25 yaşlı müdafiəçi komanda yoldaşı Emmanuel Hakmanın qırmızı vərəqə almasından sonra oyun planlarının alt-üst olduğunu deyib: “Havanın dumanlı olması bizə problem yaratmadı. Çünki çox da sıx duman yox idi. Azlıqda qalmağımıza baxmayaraq, komanda olaraq xarakter göstərdik. Oyun 90 dəqiqə olsa da, uzatma dəqiqələri ilə daha çox davam edir. Futbolu 10 nəfərlə də, 9 nəfərlə də oynaya bilərsən. Hesab 0:1 yox, 0:2 olsa belə, son dəqiqəyə qədər vuruşmaq lazımdır. Məncə, 1:1 bizim üçün daha yaxşı hesabdır. 10 nəfərlə oynayırıqsa, bunu qələbəyə bərabər olmasa da, hər halda bir qazanc saymaq olar. Məncə, komanda oyunu yaxşıdır. Çünki 10 nəfərlə bundan artıq nə edə bilərik?! Mübarizə apardıq və xalımızı qazandıq”.
Hacıyev çempionatda avrokuboklar uğrunda gərgin mübarizənin getdiyini və “Turan Tovuz”un əsas hədəfinin bu olduğunu qeyd edib: “Qarşımıza məqsəd qoymuşuq ki, oyunlarımızdan qalib ayrılaq. Turnir cədvəlinə çox da baxmırıq. İnanırıq ki, qələbələr qazandıqca daha yüksək yerlərdə olacağıq. Avrokuboklara vəsiqə qazanıb-qazana bilməyəcəyimizi zaman göstərəcək. Biz bunun üçün çalışırıq. İndidən nə isə demək çətindir”.
Qeyd edək ki, “Turan Tovuz” hazırda 43 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alır.