Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.
Bu barədə Teleqraf.com-a FHN-dən məlumat verilib.
Dərsin keçirilməsində məqsəd müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, təhsil müəssisələrində baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Dərsdə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin əməkdaşları, universitetin müəllim və tələbələri iştirak ediblər.
Mərkəzin əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına ümumi məlumat verilib, mövzuya aid fotoslaydlar nümayiş etdirilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.