Qarabağda Azərbaycan Ordusuna məğlubiyyətin əks-sədaları gəlməkdə davam edir. Azərbaycan qarşısında özünü müdafiə etmək gücü qalmayan Ermənistan həmişə olduğu kimi bu dəfə də ənənəvi havadarına – Rusiyaya üz tutub.
Teleqraf.com xəbər verir ki, parlamentdəki “Maariflənmiş Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan Sünik bölgəsi (Zəngəzur) ərazisində ikinci Rusiya hərbi bazasının yaradılmasını təklif edib.
O, Azərbaycan Ordusunun artıq Sünikin bir hissəsinə daxil olduğunu və yaşayış məntəqələrinə çox yaxın mövqelərdə yerləşdiyini iddia edib.
Onun sözlərinə görə, Ermənistan hökuməti Rusiya ilə yeni təhlükəsizlik müqaviləsi imzalamalı və yeni qurulacaq rus hərbi bazası Sünikin təhlükəsiziyinin qarantı olmalıdır.
Marukyan Qarabağ müharibəsinin Cənubi Qafqazdakı geosiyasi tarazlığı ciddi şəkildə dəyişdiyini, durumun böyük ölçüdə Azərbaycanın lehinə olduğunu deyib.
O hesab edir ki, hərbi əməliyyatların dayandırılmasında həlledici rol oynayan Rusiya bunun erməni xalqının yanında dayandığını nümayiş etdirib: “Bu səbəbdən də münaqişənin isti mərhələsini başa vurduqdan dərhal sonra Ermənistan və Rusiya arasında dərin hərbi-siyasi əməkdaşlıq haqqında yeni bir sazişin imzalanmasına ehtiyac var”.
Marukyan qeyd edib ki, Ermənistanda Azərbaycan Ordusunun Süniki ələ keçirəcəyi qorxusu var və bu xofu bölgədə rus hərbi bazasının qurulması ilə aradan qaldırmaq mümkündür: “Sünik bölgəsinin təhlükəsizliyi məsələsi yeni razılaşmada xüsusi yer tutmalıdır”.
O, Azərbaycan Silahlı Qüvvələrinin Mehri şəhəri və Qafan rayonuna bitişik ərazilərdə möhkəmləndiyini diqqətə çatdırıb:
“Bu baxımdan, Sünik bölgəsində yeni bir Rusiya hərbi bazasının yerləşdirilməsinə dair təcili danışıqlara başlamağı vacib hesab edirik. Qeyd etmək istərdim ki, Gümrüdəki 102-ci Rusiya hərbi bazası on illərdir Ermənistan-Türkiyə sərhədlərini qoruyur”.
Erməni deputat Ermənistanın özünü qorumaq üçün kifayət qədər gücə malik olmadığını, bunun üçün Rusiya ilə yeni sazişin həyati əhəmiyyət daşıdığını etiraf edib.