BAKI, 10 iyul. TELEQRAF

Trans-Adriatik Boru Kəmərinin (TAP) istismara verildiyi vaxtdan etibarən Avropaya ümumilikdə 60 milyard kubmetrdən çox Azərbaycan qazı nəql edib.

Teleqraf TAP AG şirkətinə istinadən xəbər verir ki, qazın 50 milyard kubmetri İtaliyaya çatdırılıb.

Şirkətin məlumatına görə, 60 milyard kubmetr təbii qaz Avropada təxminən 45-60 milyon ev təsərrüfatının illik qaz istehlakına bərabərdir.

Qeyd edək ki, TAP ilə ilk qaz nəqli 2020-ci ilin dekabrında başlayıb. Boru kəməri ilə nəql olunan qazın həcmi 2021-ci ilin martında 1 milyard kubmetrə, 2022-ci ilin martında 10 milyard kubmetrə, 2025-ci ilin sentyabrında 50 milyard kubmetrə, 2026-cı ilin iyulunda isə 60 milyard kubmetrə çatıb.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin tərkib hissəsidir və Azərbaycanın "Şahdəniz-2" yatağından hasil olunan təbii qazı Avropaya nəql edir.

Yunanıstan-Türkiyə sərhədində Trans-Anadolu Boru Kəmərinə (TANAP) birləşən TAP Yunanıstanın şimalı, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənubunda sahilə çıxır və burada ölkənin təbii qaz şəbəkəsinə qoşulur.