BAKI, 19 may. TELEQRAF
“Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi” (STEL) üçün partnyorlar tərəfindən yekun investisiya qərarının verilməsinə hazırıq. Bunun üçün son mərhələdəyik və gözləyirik.
Teleqraf xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlamasında deyib.
O bildirdi ki, Cəbrayılda hasil edilən günəş enerjisi elə Cəbrayılda “AzərEnerji”yə satılacaq:
“Bunun əvəzində Bakıda “virtual enerjiötürmə” dediyimiz proses gerçəkləşdiriləcək. Burada “AzərEnerji” təqribən eyni ekvivalentdə BP-yə enerji verir və biz Səngəçal terminalını elektrikləşdiririk. Elektrikləşmə bizə qazın yandırılmasını, generatorları dayandırmağa, yandırılan qaza xeyli qənaət etməyə və ən başlıcası isə havaya buraxılan emissiyaları azaltmağa imkan verir”.
Qeyd edək ki, “Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi” (STEL) layihəsi həyata keçirildikdən sonra Səngəçal terminalının elektrik enerjisi təchizatı 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin Azərbaycan dövlət enerjisistemi əraziyə ötürülməsilə vasitəsilə təchiz olunacaq. “Şəfəq” Günəş Elektrik Stansiyasında istehsal olunan enerji Səngəçal Terminalının təchizatı üçün çatışmadıqda terminalın elektrik enerji təchizatı “Azərenerji” ASC tərəfindən təmin olunacaq.