BAKI, 11 sentyabr. TELEQRAF

"Hədəfimiz məktəbəqədər təhsilin əhatə dairəsini artırmaqdır".

Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov təhsil işçilərinin sentyabr konfransında deyib.

O qeyd edib ki, məktəbəqədər təhsil üzrə əsas hədəflər birbaşa "2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası"ndan qaynaqlanır:

“Burada iki əsas istiqamətimiz var: birincisi - məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi; ikincisi - tərbiyəçi-müəllimlərin peşəkarlığının artırılması və sertifikatlaşdırma mexanizminin tətbiqi. Əhatəliliyin artırılmasında yanaşmamız ölkənin hər yerində eyni modeli tətbiq etmək deyil. Fərqli ehtiyaclara cavab vermək üçün bir neçə modeldən paralel istifadə edirik”,- o vurğulayıb.

Agentlik sədri həmçinin qeyd edib ki, dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb:

“Məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirmək üçün birinci istiqamət mövcud dövlət bağçalarının imkanlarından daha səmərəli istifadə etməkdir. Tələbat olan ərazilərdə yeni qrupların yaradılması, təmir və təchizat hesabına dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb”.