BAKI, 28 aprel. TELEQRAF
"Hazırda məktəbəhazırlıq qruplarında əhatəlik 40 faiz təşkil edir. İlin sonunadək bu göstəricinin 50 faizə çatdırılması hədəflənir".
Teleqraf xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında bildirib.
"Məktəbəqədər təhsilin əhatəliliyinin artırılması bizim üçün əsas hədəfdir. Ənənəvi modellərin bu istiqamətdə yetərli nəticə vermədiyini nəzərə alaraq, alternativ yanaşmaların tətbiqi imkanlarını araşdırırıq".
Onun sözlərinə görə, icma əsaslı layihələr çərçivəsində təhsil xidmətindən yararlananların sayı ötən il 20 mindən yaxın olub. Bu il isə həmin göstəricinin 35 minə çatdırılması planlaşdırılır.
"İcma əsaslı məktəbəqədər təhsil qruplarına artıq 23 935 uşaq, valideyn-dövlət-özəl tərəfdaşlığı vasitəsi ilə isə 4033 uşaq məktəbəqədər təhsilə cəlb olunub.
Valideyn-dövlət-özəl tərəfdaşlığı bu dəqiqə də aktualdır və qeydiyyat prosesi davam edir. Valideyn-dövlət-özəl tərəfdaşlığında hər bir uşağın özəl bağçada təhsil haqqının 250 manatı dövlət tərəfindən ödənilir. Qrant qazanmış özəl bağçaların siyahısı ilə tanış olub, boş yerlərə müraciət etmək olar".