BAKI, 1 aprel. TELEQRAF

Sosial şəbəkələrdə yayılan məlumata görə Qərbi Kaspi Universitetində dövlət sifarişi əsasında təhsil alan tələbələrdən əlavə ödəniş tələb olunur.

Məsələ ilə bağlı universitet Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, qanunvericiliyə əsasən, dövlət sifarişi ilə ali təhsil alan tələbələrin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına həmin şəxslərin təhsil aldığı təhsil müəssisəsinə ödənilir:

“Əvvəllər bu vəsait Elm və Təhsil Nazirliyi tərəfindən ödənilirdi, hazırda isə Maliyyə Nazirliyi tərəfindən idarə olunur və təqdim edilən sənədlər əsasında birbaşa müqavilə tərəfdaşlarına köçürülür. 2025-ci ilin sentyabr–dekabr ayları üçün Qərbi Kaspi Universitetinə müvafiq vəsait ayrılıb, onun əhəmiyyətli hissəsi xərclənib, müəyyən hissəsi isə qalıb.

Hazırda universitetdə tələbələrin 40%-i dövlət sifarişi əsasında təhsil alır. Qərbi Kaspi Universitetində maliyyə fəaliyyəti tədris ili üzrə (2025 sentyabr – 2026 sentyabr) tənzimlənir və daxili xərclərə laboratoriyaların yaradılması, texniki vasitələrin alınması, eləcə də beynəlxalq akkreditasiya prosesləri daxildir. Bu mərhələdə ayrılmış büdcə vəsaitlərindən istifadə olunur.

Lakin 2026-cı ilin yanvar ayında həmin vəsaitin zəruri xərclər üçün istifadə edilməsi nəzərdə tutularkən məlum olub ki, 2025-ci il başa çatdığı üçün ayrılmış məbləğ dövlət büdcəsinə geri qaytarılıb. Dövlət sifarişi əsasında təhsil alan tələbələrə artıq göstərilmiş xidmətlərə görə universitetə ödənilməli olan vəsaitin silinməsi əsaslandırıla bilməz”.

Universitetdən verilən açıqlamada qeyd olunub ki, hazırda 13 təhsil proqramı beynəlxalq akkreditasiya təşkilatı tərəfindən uğurla akkreditasiyadan keçib:

“Beynəlxalq komissiyaların tövsiyələrinə əsasən yeni tədris məkanlarının yaradılması, laboratoriya və texniki avadanlıqların alınması üzrə işlər aparılır ki, bu da xeyli vəsait tələb edir. Keçən il dövlət tərəfindən tələbələrin təhsil haqqı üçün ayrılmış vəsaitin universitetin sərəncamında olmaması səbəbindən İT və digər avadanlıqların alınması mümkün olmayıb.

Tələbələrə bu barədə tərəfimizdən məlumat verilib. Məlumat verildikdən sonra yaranmış situasiyada məsuliyyət universitetin üzərinə qoyulur. Məsələ ilə bağlı universitetin aidiyyəti təşkilatlara müraciəti hələ ki cavabsız qalır.

Ümid edirik ki, müvafiq təşkilatlar universitetin göstərdiyi xidmətlərə görə onun haqqı olan vəsaiti ödəyəcək və bu vəsait təhsilin inkişafına yönəldiləcək. Hazırda Elm və Təhsil Nazirliyi, eləcə də Maliyyə Nazirliyi ilə əlaqədəyik və geri dönüş gözləyirik. İctimaiyyətə gedişat barədə əlavə məlumat veriləcək”.