BAKI, 14 yanvar. TELEQRAF

Magistratura imtahanında iştirak etmək istəyən bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bakalavrlar yanvarın 14-dən 26-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə qəbulu müddətində Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize) daxil olub, “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrini bitirən bakalavrlar, eləcə də xarici ölkələrdə ali təhsil almış və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınan bakalavrlar qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurur və təsdiq edirlər.

Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.