BAKI, 13 noyabr. TELEQRAF
Azərbaycanda dərsliklərin məzmunu, mövzu seçimi və onların şagirdlərin yaş səviyyəsinə uyğunluğu mütəmadi olaraq ictimai müzakirələrə səbəb olur. Tez-tez mövzuların ya yaş səviyyəsinə uyğun olmaması, ya da düzgün seçilməməsi ilə bağlı narazılıqlar səsləndirilir. Xüsusilə biologiya və tarix kimi fənlərin dilinin mürəkkəbliyi tənqid olunur.
Qeyd edək ki, ehtiyat dərsliklərin yazılmasına nəzarət və bütün işlərin təşkili Azərbaycan Respublikasının Təhsil İnstitutu Tədris Resursları Mərkəzində həyata keçirilir.
Dərsliklərin hazırlanması bir neçə mərhələdən keçir
Dərsliklərlə bağlı Teleqraf-ın sorğusuna cavab olaraq Təhsil İnstitutundan bildirilib ki, Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən verilmiş elan əsasında müəllimlər arasında üçmərhələli müsabiqə keçirilib.
"Azərbaycanın ali məktəb və universitetlərində keçirilmiş görüşlər nəticəsində dərslik hazırlığına alim və pedaqoqlar cəlb edilib. Tədrisi xarici proqramlar əsasında qurulan bir çox beynəlxalq məktəblərdə görüşlər keçirilib, onların təcrübələri öyrənilib və bu məktəblərdə çalışan müəllimlər müsabiqəyə dəvət olunublar.
Dil və riyaziyyatın tədrisində dünyada qəbul olunmuş müasir yanaşmalar təhlil edilmiş, qabaqcıl təhsil sistemlərinin müvafiq kurikulumları və təlimin pedaqoji prinsipləri öyrənilib. Nəticədə, yaradılan ehtiyat dərsliklərin strukturu, təlim metodikası, müasir metodoloji yanaşmalar və digər konseptual prinsiplər ümumiləşdirilmiş və xüsusi sənəd formasında bu dərsliklərin konsepsiyası hazırlanıb.
PIRLS, TIMSS və PİSA beynəlxalq tədqiqatların çərçivə sənədləri təhlil edilib. Azərbaycan dili, riyaziyyat və təbiət fənləri üzrə təhsil proqramlarının təkmilləşdirilməsi üzrə təkliflər hazırlanıb.

Müəlliflər tərəfindən yazılmış məzmun mərkəzin mütəxəssisləri tərəfindən və xarici ekspertlər tərəfindən təhlil edilir, təkliflər verilir və redaktə edilərək tərtibata təqdim olunur. Dizaynerlərdən, səhifələyicilərdən, rəssamlardan və reaktorlardan ibarət texniki heyət tərəfindən dərslik tələb olunan formata uyğunlaşdırılır və bir daha daxili ekspertizaya təqdim edilir".
Dərsliklərin sınaq müddəti
İnstitutdan bildirilib ki, tədris resurslarının kütləvi istifadəsindən əvvəl onların sınaqdan keçirilməsi təlim materiallarının keyfiyyətini artırmaq üçün mühüm mərhələdir.
"Dünyanın aparıcı təhsil sistemlərində bu mərhələ xüsusi əhəmiyyət kəsb edir. İndiyə kimi respublikamızda analoji təcrübə olmayıb. Pilot layihədə iştirak edən siniflər reprezentativ seçim əsasında müəyyən olunmuş və ölkəmizin müxtəlif şəhər, rayon və kəndlərini əhatə edir. ETN fənlər üzrə ekspertlərinin iştirakı ilə dərsliklərin ekspertizasından sonra uyğun təkmilləşdirmə aparılır.
Sınaqda iştirak edən müəllimlərin, ekspertlərin, rəyçilərin irad və təklifləri ümumiləşdirilir və dərslik komplektlərinin kütləvi istifadəsi üçün müvafiq düzəlişlər edilir. Dərsliklər trims.edu.az saytında yerləşdirilir və ictimai rəy öyrənilir. Bütün təklif və qeydlər bir daha ümumiləşdirilir, ETN ekspertləri ilə birgə müzakirələrdən sonra uyğun düzəlişləri edilərək dərsliklər kütləvi istifadəyə təqdim olunur".
Yeni dərsliklər hazırlanarkən əsas götürülən meyarlar nələrdir?
Qeyd olunub ki, yeni dərslikləri hazırlayarkən məzmunun şagirdlərin yaş səviyyəsinə uyğunluğuna, təhsil ənənələrimizə, milli-mənəvi dəyərlərimizə, dünya təcrübəsinə, müasir texnologiyalardan istifadəyə, həmçinin beynəlxalq qiymətləndirmə tədqiqatlarında şagirdlərdən gözlənilən nəticələrə daha çox diqqət yetirilir.

Son illərdə bu fənlər üzrə dərsliklər yenilənib
Sorğumuza cavab olaraq bildirilib ki, son illər tədris resursları mərkəzində ibtidai siniflər üçün Azərbaycan dili, riyaziyyat, ingilis dili, həyat bilgisi, V-VI sinif təbiət fənləri, VI-IX sinif coğrafiya, VII-IX sinif təbiət fənləri, V-VIII sinif Azərbaycan dili və riyaziyyat fənləri üzrə dərsliklər yenidən hazırlanıb. V-VII sinif ingilis dili fənləri üçün isə "Cambridge" nəşriyyatının "Game Changer" və "Shape İT" seriyaları adaptasiya olunub.
Dərsliklərlə bağlı daxil olan rəylər müəllif heyəti və yaradıcı heyət tərəfindən diqqətlə təhlil olunur və cavablandırılır, nəzərə almaq mümkün olan təkliflər üzrə dərsliklərdə uyğun düzəlişlər edilir. Ciddi və sistemli təqdim olunan iradların ekspertlərlə geniş müzakirələri təşkil edilir".
O da qeyd olunub ki, dərsliyin hazırlığı üçün orta hesabla bir il, sınaq müddəti üçün də bir il nəzərdə tutulur.