BAKI, 12 sentyabr TELEQRAF
"Ötən tədris ili ərzində görülən işlər təhlil edilib. 84 min müəllim sertifikatlaşdırmaya cəlb olunub. 73 mindən çox müəllim bu prosesdən uğurla keçib".
Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov 2025–2026-cı tədris ilinə həsr olunan tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, müəllimlərin işə qəbulu imtahanı (MİQ) ilə məktəblərdə real pedaqoji kadr təminatı qarşılanır.
"MİQ-də isə 4500 müəllim uğur qazanıb".
E.Bağırov bildirib ki, təkrar inspektasiyadan keçmiş məktəblərin göstəricilərinin yaxşılaşdırılması, fiziki inkişaf üzrə normativlərə cavab verən şagirdlərin payında artım, valideynlərin məktəbdən məmnunluq göstəricisinin yüksəldilməsi ümumi təhsildəki hədəflərdir.
O qeyd edib ki, bu hədəflər məktəblərdə keyfiyyətin artırılması, şagirdlərin inkişaf göstəricilərinin yüksəldilməsi və valideynlərin təhsil müəssisələrindən razılığının artırılması məqsədini daşıyır.