BAKI, 26 avqust. TELEQRAF

Bu il ali məktəblərə 57236 nəfər (o cümlədən 6461 subbakalavr) qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 96.27% dolub.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında yer alıb.

Bildirilib ki, avqustun 28-dən sentyabrın 2-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq və göstəricilər bir qədər də yüksələcəkdir.

I mərhələdən sonra tələbə qəbulu aparılan 43 mülki ali təhsil müəssisəsinin 12-də (Azərbaycan Tibb Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Bakı Avrasiya Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası) plan yerləri 100 %, bundan əlavə, 26 ali təhsil müəssisəsində 90%-dən çox dolub.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 8-dək elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.